Akademik Milli Dram Teatrınının “Milli Teatr Mükafatı” təqdim edilib

10 Mart 2024


Akademik Milli Dram Teatrında 10 mart – Milli Teatr Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbirdə Akademik Milli Dram Teatrı tərəfindən təsis olunmuş “Milli Teatr Mükafatı”nın təqdimetmə mərasimi baş tutub. “Milli Teatr Mükafatı” hər il Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə teatr xadimlərinə, paytaxt və bölgə teatrlarına və tamaşalara təqdim olunacaq.

Təqdimetmə mərasimi Azərbaycan teatrının tarixini, bugününü və bütün teatrların fəaliyyətini əhatə edən video-çarxın nümayişi ilə başlayıb. Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov nazir Adil Kərimlinin və Mədəniyyət Nazirliyinin kollektivinin teatr ictimaiyyətinə ünvanlanan təbrikini oxuyub.

Akademik Milli Dram Teatrının Bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli və Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə Azərbaycan teatrının tarixi, bu günü və uğurları haqqında çıxış ediblər.

Sonra Akademik Milli Dram Teatrının aktyorları tərəfindən “Milli Teatr Mükafatı” təqdim olunub. Ölkəmizdə fəaliyyət göstərən 21 teatr mükafatlandırılıb.

Lənkəran Dövlət Dram Teatrı “Milli Teatr Mükafatı”na layiq görülüb, mükafat teatrın baş rejissoru, direktor vəzifəsini icra edən Anar Babalıya təqdim edilib. Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti Qabil Quliyev “Casus” tamaşasındakı Dədə Qorqud obrazına görə “Ən yaxşı kişi rolu” nominasiyası üzrə təltif edilib.