LDDT-na yeni baş rejissor təyin olunub

18 Mart 2022


Mədəniyyət nazirinin müvafiq əmri ilə sənət cameəsində tanınan gənc rejissor Anar Babalı Lənkəran Dövlət Dram Teatrına baş rejissor təyin edilib.

Anar müəllimə ünvanlanan sualları və onun cavablarına nəzər salaq.

1. Təyinat aldığınız teatr və onun truppası barədə ilkin fikirləriniz necədir? İndiyədək bu teatrla hər hansı yaradıcılıq əlaqəniz olubmu?

2. Paytaxtdakı teatr mühiti ilə bölgə teatrları arasında ciddi yaradıcılıq məsafəsi var və bu, zaman-zaman özünü qırılmalarda da büruzə verir. Bu rabitəni bərpa etmək planlarınız varmı?

3. Əksər yeni nəsil baş rejissorların narazılıq etdiyi əsas məqam bölgə teatrlarında ixtisaslı kadr məsələsi və aktyor truppası ilə bağlıdır. Sizdə vəziyyət necədir?

4. Fəaliyyətə hələ yeni başlamısınız. Amma həm də sürətli gedişlər və yaradıcı təşəbbüslər qarşınızdakı ən böyük məsələdir. Bu temporitmə kollektiv adekvat yanaşırmı?

5. Bir qayda olaraq, bölgə teatrlarının, əsas heyəti olmasa da, yardımçı truppası xeyli dərəcədə yerlərdəki xalq teatrları, həvəskar qruplar hesabına formalaşdırılıb. Amma bu yöndə də sönüklük hiss olunur. Nə kimi təklifləriniz var?

6. Paytaxtdan fərqli olaraq, bölgə teatrlarının bir üstünlüyü də olduğu ərazidə alternativsizliyidir. Eləcə də istənilən janr, üslub və formalarda repertuar müəyyən etməkdə sərbəstlik. Bundan necə yararlanmaq olar?

 

Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Anar Babalı:

1. Bakı teatrlarında işlədiyim müddətdə Lənkəran teatrı və onun truppası haqqında məlumatım az idi. Teatrın sosial şəbəkə paylaşımları və saytını izləmişdim, vəssalam. Lənkəran teatrı ilə bunadək heç bir yaradıcılıq əlaqəm də olmayıb.

2. Həmişə istəmişəm ki, gedib bölgə teatrlarının tamaşalarına baxım. Amma heç vaxt alınmırdı. Bölgə teatrları ilə paytaxt teatrları arasındakı əlaqəni qurmaq üçün qarşılıqlı yaradıcılıq atmosferinin formalaşmasına şərait yaratmaq lazımdır. Fikrimcə, bunun üçün paytaxt və bölgə teatrları anlayışını yox etmək, ölkədə teatr atmosferi yaradıb, teatrların ümumən sistemli şəkildə ortaq yaradıcı dilini formalaşdırmaq lazımdır.

3. Mənə elə gəlir ki, filan teatrda ixtisaslı kadr yoxdu kimi yanaşmalar düz deyil... Yoxdur? O zaman əlimizi-qolumuzu sallayıb oturaq ki, nə zamansa ixtisaslı kadr gələcək və onda yaxşı işlər görəcəyik?! Bəs ixtisaslı kadrları kim yetişdirməlidir? Hər bir teatr üçün kadr çatışmazlığı müəyyən yaradıcılıq mühitinin olmamasından qaynaqlanır. Başqa teatrları deyə bilmərəm, amma hazırda baş rejissoru olduğum Lənkəran teatrında istər ixtisaslı kadrlar, istərsə də teatra gələn həvəskarlar üçün çox gözəl bir yaradıcılıq mühiti var. Təcrübəli aktyorların illərdi teatra müraciət edən həvəskarlara teatrı sevdirib, sənətin sirlərini aşılamaları və teatrda gənc nəslin peşəkarlığa doğru yetişməsində rolu böyükdür.

4. Ürəyin də döyünmə ritmi var və o, aritmiyaya uzun zaman tap gətirə bilməz. Hərdən ürək  döyüntülərini sürətləndirmək olur. Amma ürəyi yormaq olmaz. Teatrın döyünən ürəyi aktyordur. Onu yormadan da yaradıcılıq işlərini sürətləndirmək olar. Bu qayda ilə işləməyə çalışacağıq.

5. Yardımçı heyətin formalaşması üçün şəxsi praktikamdan istifadə edirəm. Amma mənə elə gəlir ki, bu, kifayət eləməyə bilər. Müxtəlif planlarımız var. İnşallah, həm ölkə daxilindən, həm də xaricdən peşəkar kadrlar dəvət edəcəyik. Beləcə, onlarla birlikdə heyətin yaradıcılıq potensialını artıra bilərik.

6. Razıyam. Lənkəran teatrının öz tamaşaçısı var. Repertuara nəzər salsanız, görərsiniz ki, müxtəlif janrlarda, müxtəlif üslublarda fərqli-fərqli rejissorların quruluşunda tamaşalarımız da var. Onu da deyim ki, bu tamaşalar paytaxtda və ölkəmizdən kənarda da oynanılıb və rəğbətlə qarşılanıb. Amma bununla kifayətlənmək olmaz. Gürcüstan, Qazaxıstan və Türkiyə teatrları ilə memorandum imzalamaq fikirlərimiz var. Teatrda yaradıcı mühitin inkişafı üçün sadaladığımız ölkələr ilə geniş yaradıcılıq mübadilələrimiz də olacaq.