Lənkəran Dövlət Dram Teatrı Quba rayonunda növbəti qastrol səfərində olub

10 iyul 2026


" Azərbaycan Mədəniyyəti-2040" konsepsiyası, Azərbaycan Prezidentinin mədəniyyətin inkişafına dair müvafiq sərəncamları və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi çərçivəsində Lənkəran Dövlət Dram Teatrı növbəti uğurlu qastrol səfərini Quba rayonunda həyata keçirib. 

 

10 iyul 2026-cı il tarixində Hüseynbala Mirələmovun "Gəlinlik paltarı" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa Quba rayonunun Mədəniyyət Mərkəzində nümayiş etdirilib.

 

Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar xanım Hüseynovadır.

 

Tamaşada Quba rayonunun ziyalıları, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.Səhnə əsəri tamaşaçılar tərəfindən böyük rəğbətlə, gurultulu alqışlarla və yüksək təəssüratla qarşılanmışdır.

 

Tamaşanın sonunda Quba rayon Mədəniyyət Mərkəzinin direktoru Ramiz müəllim başda Laləzar xanım Hüseynova olmaqla, bütün teatr kollektivinə minnətdarlığını bildirib.O, qeyd edib ki, tamaşanın quruluşçu rejissoru əsərin ideyasına sadiq qalaraq forma axtarışlarına üstünlük verərək möhtəşəm bir sənət əsəri yaradıb.Bu tamaşada forma və məzmun bir-birini tamamlayır, vəhdət təşkil edir. Zaman və məkana uyğun verilən konkret mizanlar, personajları ifa edən aktyorların obrazların daxili aləminə uyğun kiçik ştrixlərin tamaşaçıya çatdırılması onların böyük ustalığından, həmdə rejissorun uğurlu işindən xəbər verir.Sözün əsl mənasında kollektiviniz səhnədə vahid ansambl şəklində çıxış etdi.Bir daha sizlərə uğurlar arzulayıram.

 

Lənkəran Dövlət Dram Teatrının direktoru Laləzar xanım Hüseynova səmimi qarşılanmaya görə Quba rayon icra hakimiyyətinin başçısı İlqar müəllimə və Quba -Xaçmaz regional mədəniyyət idarəsinin rəisi Vüsal müəllimə minnətdarlığını bildirib.Bu cür qastrol səfərləri bölgələrdə teatr sənətinin təbliğinə yeni tamaşaçı auditoriyasının formalaşmasına, teatr sənətinin inkişafına mühüm töhfə verir.